Əsaslı yenidənqurma və genişləndirmə işlərinin tamamlanmasının ardından, 2024-cü ilin sonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi Mərkəzi Nəbatat Bağı yalnız ziyarətçilərin rahatlığını deyil, həm də onların təhlükəsizliyini təmin etməyi prioritet hesab edir.
Bu çərçivədə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı Publik Hüquqi Şəxsin təşəbbüsü ilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti ilə birgə yanğın-taktiki təlim təşkil olunub.Təlimin əsas məqsədi şəxsi heyətin fövqəladə hallarda ilkin davranış qaydaları ilə bağlı biliklərinin gücləndirilməsi, yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi və yanğın zamanı qarşılıqlı fəaliyyət bacarıqlarının artırılması olub.
Təlim planına əsasən şərti yanğın senarisi əsasında keçirilən təlimdə yanğından mühafizə bölmələri və bağ əməkdaşları yanğın zamanı təxliyə, kəşfiyyat və yanğının söndürülməsi üzrə əməliyyatları icra ediblər.
Təlimin sonunda FHN əməkdaşları bağ işçilərinə yanğınsöndürmə avadanlıqlarından istifadə qaydalarını da izah ediblər.
Qeyd etməliyik ki, Mərkəzi Nəbatat Bağının gələcək inkişafı ilə bağlı xüsusi proqram hazırlanır və burada inkişafa dair bütün istiqamətlər öz əksini tapacaq.